- “Həyatı “yenidən doğulsam xəyallarıma yox, gerçəkləşdirdiyim hər bir ana üstünlük verərdim, daha çox risk edər, daha az planlar qurardım, yağışa çətirlə çıxar, üstümə palçıq sıçratmamağa çalışmazdım, daha az şeyə ciddiyyətlə yanaşar, daha az siyasi müzakirələr edər, daha çox əylənərdim, hər səhər günəşin doğuşunu izlər, daha çox səyahət edərdim” deməyəcəkmiş kimi yaşamağa çalışmaqdır düzgün olan. Yanlış olan böyük xəyallara görə kiçik xəyallardan vaz keçməkdir. Bir insan düşün, xəyalındakı maşını almaq üçün illərlə qazandığı pulları heç bir anını gerçəkləşdirməyə, əylənməyə, istədiyi paltarı geyinməyə, kefi çəkən yeməkləri dadmağa xərcləməyib toplayan və xəyalını reallaşdırmağa çox az qalmış yolu keçərkən maşın çarpması ilə ölən bir insanı düşün. Sabahı düşünmədən də o sabahı yaşamaq olar, hər an hər şey ola bilər. Hər an layiqincə yaşanılmalıdır.”
“Saçı uzun və ağlı qısa gözəllik abidəsinin incə əlləri çiynində, arada bir “bu gecə çox şanslısan” deyən ehtiraslı səsi qulaqlarında, astaca qurtumladığın viskinin dadı ağzında və səni qalib edəcək o iki kart əlində ikən masadan qalxmaq çox çətindir. Hə, bir əl daha, bəlkə bəhsi artıraq (?!), şans bu dəfə yanımdadır, ehtimallar xeyrimədir, hə, güclü rəqibəm, qalib olacağam, viskimi təzələyin… Düşündüyün nə qədər pul qazanmaq deyil, uduzmamaqdır, nə qədər pul itirmək deyil, qalib gəlməkdir. Hə, rəqiblərimin əllərini görürəm: bax o mavi pencəklinin əli sağlam deyil, sadəcə oyundakıları qorxudub çəkilməyə vadar etmək üçün durmadan bəhsi artırır; ay səni hiyləgər qadın, əlində iki onluq var, yerdə açılan onluğu da yaxşı görürsən, bəhsi də artırmırsan, bir onluq daha açıldıqda dördlük əldə edib masadakı pulları qarşına çəkəcəksən; hələ də anlamağa çalışdığım eynəkli cavan oğlan, üz cizgilərindən və davranışlarından heç nə bəlli etmir, yenə də əlinin mənimkindən güclü olması ehtimalı çox kiçikdir. Şans, hesablar, ehtimallar, planlar, tələlər, hiyləgərliklər, qələbə və məğlubiyyətlər, və güclü rəqabət, bəli, poker masası da həyat kimidir, tək üstünlüyü ədalətli rəqabətdir, masa ətrafındakı rəqiblərin bərabər olmasıdır, varlı-kasıb, güclü-zəif, gözəl-çirkin fərqi yoxdur, masaya oturdunmu hər kəs üçün şərtlər eynidir, dostun, düşmənin yalnız özünsən, qələbə yalnız sənə məxsusdur… Hə, əlimdə bu kartları tutmuşkən məğlubiyyətim mümkün deyil, sadəcə sakit ol, hisslərini zibil qutusuna at, həyəcanlanma, əlini rəqiblərə bəlli etmə,ağlını işlət,ehtimalları hesabla, səbrli ol, rəqəmlər, faizlər, ehtimallar,rəqiblərin əlini görməyə çalış, gözlərindən oyunu oxu, amma sadəcə ehtimalları hesabla, onlar heç vaxt yanıltmazlar, əlinə tam güvəndiyində davam et, risk etmə, və hər şey bu qədər bəsitdir; və son kart da masa üzərinə açılır, bəli tam düşündüyün kimi, yüksək ehtimalın doğru çıxdı, yenə qalibsən, eynəklinin gözlərindəki məğlubiyyət hissindən, mavi pencəklinin masadakı pullarına kədərli baxışlarından, hiyləgər qadının əsəbi halda əllərini masaya sıxmasından həzz alırsan, heç nəyin önəmi yoxdur, məğlub etmək əla hissdir. Ən sevimli əyləncə məğlub etməkdir !” – demişdi mənə yaxın dostum, bacarıqlı poker oyunçusu. Ehtimallara bu qədər önəm verdiyinin, risk etmədiyinin yanlış olduğunu düşünmüşdüm də, amma bəlli etməmişdim - hər halda pokeri oynayan odur, bu işləri məndən daha yaxşı bilir… Və bir gün məni haqqlı çıxaracağına da ehtimal verməmişdim:
“Dostum, Veqasın parlaq gecələri… Bitmək bilməzlər, bütün kazino və qumarxanalarda bir əl oynamaq, bütün neon işıqları ilə bəzədilmiş göz qamaşdırıcı otellərdə qalmaq, səmanın sonuna doğru qalxıb uzanan binaların arasında əbədi gəzmək istərsən. Filmlərdəki səhnələrdən belə çox gözəldir, şirin yuxular kimi, hər gecəsini bir ayrı gözəllik abidəsinin yanında keçirdiyin, hər poker qələbəsindən sonra həyatdakı ən böyük uğurunmuş kimi ətrafındakıların alqışları ilə sehrləndiyin gecələrdən ayrılmaq çox çətindir. Yanıb-sönən rəngarəng işıqların əhatəsində yaşadıqlarının gerçəkmi, halüsinasiyamı olduğunu anlamaq belə çətindir. Həqiqət ilə xəyal arasındakı sərhədlərin şəffaflaşaraq yavaşca gözdən itdiyi, vücudunla bütünləşib fantaziyalar aləmində dolaşdığı Veqas gecələrində özündən başqa, sənin dünyandan və həqiqətlərindən savayı hər şey yalandır. Kazinonun təhrikedici iri “VVelcome”-nı gördüyündə özünü hər cür, növbənöv insanların toplaşdığı, gülüşlərin, şaqqıdayan kartların, uçuşan pulların bəzədiyi poker, rulet, və hər növdən qumar masalarının ətrafında gəzişirkən taparsan ; yerdən insanboyu hündürlükdə qaldırılmış yaşıl, qırmızı “masa”larda rəqs edən dar mini geymiş yarıçılpaq, iri sinəli, incə və uzunsaçlı gənc qızlar, sakitlik olduqda belə hələ də qulaqlarında səslənən gur musiqi, göz qamaşdırıcı mənzərələr, hər şeylə sehrlənərsən. Qazanacağını ya məğlubiyyətini düşünmədən yenə əyləşərsən o sehrli masaya, şirin yuxunun qapısını açmaq, maddi və mənəvi varlığını tamamilə gecəyə təslim etmək üçün ilk kartları əlinə alarsan, oyun davam edər, bəlkə bəhsi artıraq (?!), viskimi təzələyin, əlini görürəm, ehtimal kiçikdir, amma risk edəcəyəm, bəli risk etmək lazımdır… Masada itirdiyin heç bir pul da önəmli deyil, zatən yaşadığın bütün gözəlliklərə dəyər, vacib olan yalnızca həzz almaqdır. Gerçəklər önəmli deyil, önəmli olan yalnızca indidə nə yaşadığındır, saxta olsa belə, yalan olsa belə, önəmli olan fantaziyalardır !
Dostum, önəmli olan fantaziyalardır, sənin dünyandır vacib olan, gerçək olan sənin gerçəklərindir, öz yaşamında təcrübədən keçirmədiyin hər şey yalandır, inanmaq boş şeydir, həqiqət zatən həqiqətdir, inanılmağa ehtiyacı yoxdur, odur ki müzakirə etməyi burax və anın dadına baxmağa başla, önəmli olan sənin istəklərindir, yaşamadığın hər an sənin itkindir. Veqasa getməyinə ehtiyac yoxdur, öz Veqasını çox yaxınında inşa edə bilərsən, hər şey çox bəsitdir, yenidən anlatmağıma gərək varmı, dostum ?!
Poker masasında ehtimalların çox zaman doğru çıxsa da, hər zaman sənə tərəf deyil, planlamaq yaxşı şeydir, ama hər zaman uğurlu nəticə verəcəyini də kim sənə vəd etdi ?! Axmaqlıqdır, bəli axmaqlıqdır, planlarla yaşamağı deyirəm, təmiz və səliqəli, hər şeyə ciddi yanaşaraq yaşamağadır etirazım, yağışa çətirlə çıxmaqdır axmaqlıq ! Bütün ehtimalları, hər addımının doğuracağı nəticələri öncədən hesablamaq, xeyrinə olan ehtimallara hər zaman üstünlük vermək gözəl və qüsursuz bir həyatın olduğunamı işarə ?! Bir vaxtlar bir poker oyunçusu kimi ehtimalların necə də dəyərli olduğunu düşünürdüm, risk etmək mənə görə deyildi, əlimə 80-90 faiz güvəndiyimdə oyuna davam edərdim, amma zaman keçdikcə çox kiçik ehtimalların necə qələbə çaldığını, bütün planlarımın alt-üst olduğunu gördüm, və anladım ki, ehtimalın böyük-kiçiyi yoxdur, hər an hər şey ola bilər, qaydalarla yaşamaq, gələcəkdə planına uyğun əldə edə biləcəyin mükafatla “an”ları boşuna xərcləmək, həzzləri islah etmək sadəcə ağılsızlıqdır, həyat qaydasız və səliqəsiz yaşamağı tələb edir. Həyatın bir Veqas olmalıdır, yaşamaq üçün, həqiqətən yaşamı dadmaq üçün həyatın bir poker masası olmalıdır, daha çox risk etməlisən, daha az şeyi ciddi qəbul etməlisən, uduzduğunda belə viskini böyük həzzlə qurtumlamağı bacarmalısan; anlar, bəli anlar, sadəcə anları istədiyin kimi yaşamaqdır həyatın mükafatı, dostum, yoxsa sən şəxsi Veqasının təməlini atmamısanmı hələ ?! “