Dosta Məktublar 4: Yanlış istəklər

Posted by A-Psychosis | Posted in | Posted on 10:07 AM

   “Salam dostum. Əyriayaq stulumu pəncərənin önünə çəkib yarı söykənmiş formada oturdum və küçədə enli yolun kənarları ilə kölgə tapmaq istəyi ilə gəzən insanlara baxıram. Məhlənin məşhur narkomanı Əli də adətincə tində üzüüstə uzanaraq çox güman ki kül edən istidən xəbərsiz özünü çimərlikdə hiss edir. Alkaş Saşa da əyninə xeyli uzun olan şalvarını hərdən yuxarı dartaraq binanın tam altındakı səkidə o yan - bu yana gəzir lomka addımlarla, günün istisindən daha çox içmək istəyi ilə alışıb yanır. Yayın qızmarında otağımın yanğından qaralmış divarlarının səthini isidən sarı-narıncı günəş şüaları pəncərəmdən içəri süzüldükcə sanki düşüncələrimi də aydınladır.. Arada bir əlimdəki pivə butulkasından qurtum alıram, spirtin sinir sistemini sakitləşdirərək beynimi zorlayan düşüncələri məzuniyyətə göndərməsi ümidi ilə neyronlara yalvarıram. Kiçik otağımda xoşbəxtəm, həyatın içində olmamaq, onu kənardan izləmək rahatladır. Cəmiyyətin saqqız kimi çeynənib çürüdülmüş söhbətlərinin dolaşdığı yollarda yürümək, yalnış istəkli yanlış seçimləri edən insanların toplaşdığı sürüləri görüb özümü fermada otlayan qoyun kimi hiss etmək istəmirəm sadəcə. Bir Mən olaraq əslində heç nə vecimə deyil, amma insanları bir “insan” kimi görmə istəyindən də uzaqlaşa bilmədiyimi etiraf etməliyəm. Şopenhauer demişkən, insan istədiyini edə bilər, amma nə istədiyini istəyə bilməz. Yanlış kitabın yanlış səhifəsindəki yanlış personajların ətrafında olmaq kimidir yanlış istəklər. Onları məhv etmək üçün yanlış səhifəni cırıb ata bilməzsən, bütün kitaba od vurmaq lazımdır. İradən zəifdir istəklər qarşısında, amma hər kəs istəklərinin köləsi olduğunu anlamaz. İnsanlar istəklərinin yaratdığı hissləri gizlətməkdə olduğu kimi idarə etməkdə də çətinlik çəkirlər. Əslində istəklər məntiq tələb etmir, başqaları tərəfindən yanlış kimi qarşılanan hər hansı hərəkətin sənin istəyin nəticəsində olduğu üçün olduqca məntiqlidir və doğrudur. Dostum, odur ki, kimsə azadlıqdan bəhs etdiyində sadəcə içimdən gülüb keçirəm, o kimsənin sahibinin istəkləri olduğu və onu köləsi etdiyi barəsində zərrə qədər məlumatı olduğunu sanmıram. İstəklərini idarə etməyi bacaran bir cəmiyyətdədir xoşbəxtlik. Hər kəs dünyanı (kütlələri) idarə etmək istəyindən əl çəkdikdə bütün insanlıq “yaşayacaq”, siyasət adlı iyrənc məxluqun iri caynaqları, ya sadəcə nəcisi olmaq istəyini yerin dibinə gömdükdə “insan”lar doğacaq (nəisə, bu ayrı mövzudur, dostum)...

   Günortaya doğru isti təzyiqini daha da artırmağa başlayır. Sərinləmək istəyi güc gəlir və beldən diaqnonalına asılan kiçik çantamı hazırlayıb, sevimli göy-qara damalı şotlandsayağı şortikimi, mavi yaxalıqlı ağ köynəyimi əynimə keçirib çimərliyə getmək qərarına gəlirəm. Yox, şortikimlə bağlı bir problem yaşamıram məhlənin camaatı arasında. Məhləyə ilk addımımı attığımda heç də təəccüblənmədiyim mənzərələrlə qarşılaşıram, iki-üç uşaq porno film seyr edərcəsinə bir-birinə keçmiş iki iti böyük maraqla izləyir, üzündəki çillərindən tanıdığım məhlənin yaramaz uşağı Cavid də aradabir əlindəki uzun çubuq ilə itləri dürtərək andan həzz alır. Yaşıl avtobus önümdə dayanır, içəridə bir-birinin qoltuğuna girmiş başları, pəncərədən kənara vuran ifrat tər iyini hiss etdiyim andan sempatik sinir sistemim “qaç qurtul” deyir, çimərlik istəyim isə “min get” qışqıraraq məni marşrutun amazonuna itələyir, qapılar bağlanır və millətin ailə şousunu dinləyərək uzun yol gedirəm. Bir ayaq göydə getməyin də ləzzəti ayrıdır. Çimərliyə çatdığımda içimdə böyük rahatlıq hissi oyanır, dənizin içinə qaçıb bədənimdən axan təri qurutmağa, sərinləməyə çalışıram, yanımdan arada bir qarpız qabığı, pomidor kəsiyi və poxlu uşaq bezi belə ötüb keçir, nə də olsa təəccüblü deyil, insanların anlamağa çalışdığım kirli istəkləri və vərdişləri.. Bir tərəfdə özlərini quma basdıran çiyinləri də tüklənmiş yekəqarın kişilər, sahilə yaxın hissədə üzən bikinili qızlar və topla vaxt keçirən oğlanlar, ayaqlarını suya uzadaraq sahildə oturmuş başıbağlı qadın, hər kəs çimərlik istəyini müxtəlif cür reallaşdırır. Sahilin qumlarında oturan qıvrımsaçlı gənc oğlan nəzərimə çarpır, siqareti aramsız tüstülədir. Gözlərimi çəkmədən seyr edirəm, bədənində o anda baş verən kimyəvi reaksiyaları düşünürəm, ciyərə hopan nikotin saniyələr içində beyinə çatıb nəbz atışlarını və qan təzyiqini gücləndirəcək adrenalinin, ona həzz verəcək dopaminin və ağrı hissini bloklayacaq olan endorfinin ifrazını başladır. Həzz verən dopamin bədənin ən güclü istəyinə çevrilir, və eynilə yanlış istəklər kimi yanlış vərdişlər formalaşdırır. İçimdən deyindiyimi hiss edib çimərliyin kefini çıxarmağa çalışıram. Sərhədləri aşmağı xoşlayan biri olsam da qırmızı plasmas kürəciklər və iplərlə əhatəyə alınmış ərazidən çıxacaq dərəcədə risk etməyəcim hissi içimi rahatladır. Görünür bəzilərinin sərhədləri aşmaq istəkləri çimərlikdə yanlış istəyə çevrilir, təsadüfən özümdən xeyli aralıda 4-5 nəfərlik qrupun kimisə sahilə doğru sürüyərək apardıqlarını görürəm. Anlaya bilmədiyim qəribə hisslə gözlərim sahildə siqaret çəkən qıvrımsaçlını axtarır. Yanlış istəyinin açdığı quyunun dibinə yuvarlandığını görürəm hərəkətsiz vücudunun ətrafına toplaşan kütlənin arasından boylandığımda. Təsəlli kimi intihar etdiyini belə düşünürəm, təki yanlış istəyinin qurbanı olmasın. Əsəbləşdiyimi hiss edirəm, enterik sinir sistemim mədə bulantısı hiss etdirir. Güzgü neyronlarım cəsədin ölü toxumalarını sanki bədənimə köçürür, çimərlik həzzim sona yetir, istəkləri istəyə bilmədiyimi düşünüb evə yollanıram. Avtobusun arxa oturacaqlarından birində boş yer tapıb otururam, yanımdakı eynəkli qoca kişinin əlindəki qəzetə göz gəzdirirəm, “deputatlığa namizəd filankəs seçimlərdə onu dəstəkləmənizi istəyir”, “filan ölkə prezidentləri filankəslər filan yerdə görüşdülər” kimi məqalələrdən ürəyim bulanaraq başımı pəncərəyə tərəf çevirirəm, beynimi zorlayan düşüncələr yenidən fəaliyyətə başlayır, “kirli istəklər, yanlış istəklər, hər kəs dünyanı idarə etmək istəyir, gözəl istəklər çirkinləşir” kimi sözlərin təcavüzünü, günəşin vücudumu rəngli nöqtələrlə deşdiyini hiss edərək binamıza yaxınlaşıram, kiçik otağıma çəkilib musiqini qoşuram və hər şeydən uzaqlaşdığımı düşündüyümdə burnuma sevinc qoxusu gəlir..."