Həyatınızı dəyişən Musiqilər oldumu heç?!

Posted by A-Psychosis | Posted in | Posted on 10:15 AM

Həyatınızı dəyişən musiqilər oldumu heç? Mütləq olmuşdur, sizə möhtəşəm hiss etdirən, baxışlarınızı dəyişən, yaşam ritminizi tənzimləyən, hisslərinizlə manipulyasiya edən, sadəcə “gözəl musiqidir” deyib keçmədiyiniz, dinlərkən bir başqa hiss etdiyiniz, sizi notlarına və axışına zəbt edən musiqilər, mütləq olmuşdur.. Həyat bərbaddır dediyiniz zamanlarda sanki xilaskarınız kimi meydanda peyda olan, ətrafınızdakı qaranlığı yarıb da baxışlarınızı işıqlandıran, ya qaranlığın dərinliklərinə daha da dartıb zülmətdən həzz almağınıza səbəb olan, üzərinə alıb səmaya qanadlandıran, “oh, həyat budur” dediyiniz musiqilər, mütləq olmuşdur həyatınızda.. Ayaqlarınızı yerdən kəsən, içinizi titrədən, qulaqlarınızdan damarlarınıza axıb qanınızı qaynadan, hər hüceyrənizi silkələyən musiqilər.. Ruhunuzla bütünləşən, beyninizə çip taxıb da idarə edən, gözlərinizə abstrakt örtüklü eynəyi taxıb da qarşınızda həmişə getmək istədiyiniz məkanları canlandıran, ağappaq buzlaqları, tünd yaşıl meşələri, sonsuz okeanı, küləyin toxunuşunu, ildırımın parıltısıını, yağışın qoxusunu hiss etdirən, gözlərinizi qapayıb da özünüzü təslim etdiyiniz musiqilər, mütləq var olmalıdır həyatınızda.. Həyat tərzinizi, ətrafa yanaşmanızı dəyişən musiqilər oldumu heç? Arxa fonda daim səslənən, həyat saundtrekiniz kimi bir şey, heç olmadımı? Sualım ölülərə deyil,həqiqətən yaşadınızmı? Yoxsa, Tanrının ən gözəl hədiyyəsinə ciddi yanaşmadınızmı?! Musiqisiz həyatın suyu çəkilmiş və qurumuş cansız odun parçasından fərqsiz olduğunu söyləməmə gərək varmı?! Mütləq olmuşdur, içinizdəki mövsümləri dəyişən, payızın sarısını, qışın ağını, yazın yaşılını, yayın qırmızısını həyat rəsminizə yayan musiqilər.. İstəyib də söyləmədiyiniz kəlimələri ifadə edən, sevincinizi,üzüntünüzü paylaşdığınız, ruhunuzu alıb da kainatı səyahətə çıxaran, sizi “məhv” edən musiqilər mütləq olmuşdur.. Olmuşdur, gecə quşunun qanadlarındakı çırpıntılarda, ürəyinizin pıçıltısında, doğan səhər günəşinin şəfəqlərində, və düşüncələrinizin dərinliklərində gizlənmiş varlıqlar - musiqilər mütləq olmuşdur həyatınızda !

P.S. Wolverine - "Still" albomundan təsirlənərək yazdığım məqalədir,gözlərinizi bağlayın və aşağıdakını dinləyin,haralarasa səyahət biletiniz hazırdır artıq..