Dosta Məktublar 2: Kim olduğunu unutdun!

Posted by A-Psychosis | Posted in | Posted on 9:22 AM

Məsum insanlara pislik edirlər, gerçək hadisələrə qarşı güvənimizi sarsıdırlar, inanaraq dinləməmizi çətinləşdirirlər. İnsan hər sözü şübhə ilə qarşılayır artıq. Gerçəklə xəyal bir-birinə qarışır; yalanın harada bitdiyini anlaya bilmirik. Tutunacaq bir yerimiz yox. Tutuna bilmirik..
            - Oğuz Atay, “Tutunamayanlar”
              

   Zevsin müqəddəs şimşəyinə, Poseydonun mavi sularına, hətta Axillesin zəif dabanına, Müqəddəs Çaydanlığa və Spagetti tanrısına and olsun ki, hələ də sağ-salamatam, dostum, yəni ki bir daha salam. Gaianın məhvini izləməyə davam edəcəyəm yenə. Yox, nə cənnətdən səslənirəm, nə də cəhənnəmdən, həyatdayam, yenə əyriayaq stulumda, arıq vücudum, yekə başım və hər an deyinməyə hazır ağzımı yerində hiss edirəm. Anlaya bilmirəm, Tanrımı məni yanına qəbul etmək istəmir, ya bu anasını sevdiyim dünyamı mənə aşiq, yaxamdan bərk yapışıb özü ilə birgə kirlətməkdə qərarlı, həyatmı mənlə məzələnir, ya ölümmü zarafat etdiyimi düşünür, qısası kefim bərbaddır, dostum.. Yanğından sağ qaldığım üçün özümü fastfood qədər keyfiyyətsiz, seçimöncəsi namizədlərin vədləri qədər boş, terrorizmlə mübarizə üçün büdcədən ayırmalar kimi mənasız hiss edirəm. Ölümü təmtəraqla qarşılarkən nə biləydim o yaramaz qırmızı maşının sulu başını mənzilimə soxacağını. Huşum yerində olaydı da pəncərədən başımı çıxarıb söyərdim işimin içinə edən o yanğınsöndürən kişini, ”bu yanğın deyil,səhv salmısan,əsl yanğın şəhərin küçələrindədir,get milləti söndür, bizdə işin olmasın” deyib yola salmağa cəhd edərdim ən azından, feysbuk profilini tapıb dürtərdim, rüşvət təklif edərdim, nəbilim nəsə edərdim, təki rahat buraxardı ölümlə məni, xilasıma doğru yolda qarşımı kəsməzdi. Saşanın qaragün iti Karamelka ilə mənə qarşı haqsızlıq etdiyini düşünürəm, otağımın saralmış divarlarının rəngini (indi qapqaradır) qaytarsın, məni bir daha bu saxtakar məxluqların arasında yaşamağa məhkum etdiyi üçün ona “təşəkkürüm” sonsuzdur. Təkcə otağımın divarındakı meşədə yanğın mənzərəli şəklin xilasına sevinirəm, bu dəfə alınmadı, bir gün içinə mütləq girəcəyəm..
   Vəziyyət bərbaddır, dostum.Sovetdənqalma (hələ də əla işləyən) qarabuğdayı televi”zor”umu da açmağa çəkinirəm, indi siyasət oyunları, seçimöncəsi reklam kampaniyaları, zırt-bırt xoşbəxt cütlük balalayan evləndirməyə yardım proqramları, bir daha hansı zibillikdə, hansı mikrobların arasında yaşadığımı xatırladan xəbərlərin əhvalımı zorlaması qədər meqabərbad şey ağlıma gəlmir. İndicə öncəki məktubuma cavabını oxuyuram, həyəcanla yazdığın bəllidir, dəli olduğumu, kim olduğumu unutduğumu, həyatın, dünyanın yaşamaq üçün çox gözəl olduğunu filan dönə-dönə qeyd etmisən. Bəli, dostum,dəliyəm bir az, siz dəli etdiniz zatən, amma kim olduğumu unutmadığımdan sizlərin arasında o dediyin gözəl həyatı yaşamaq əzabverici görünür. İndi isə bu barədə bir azca deyinəcəm, dostum..
   Kim olduğunu unutdunsa əgər, xatırlamayınca başqalarını günahlandırarsan. Arxana dönüb baxdığında özündən bir daha çatamayacağın məsafədə uzaqlaşdığını gördükdə diksinərsən, amma artıq gecdir. Özünü günahlandırmaq əzabvericidir, hər an içini didər, günahı onlarda axtarmaq isə adi məğlubiyyət mənzərəsi çizər, oyunu mən uduzmadım, onlar qazandı kimi bir şey. Amma nəticədə məğlubsan, eqon boşalmış, boynundakı zəncirin dərindəki cizgiləri getdikcə dərinləşməkdə, bir heçsən artıq, onların oyuncağı oldun, bəzəkli qutuda bir hədiyyə kimi təqdim edildin, istədikləri kimi davranarlar artıq, ətrafa söyüşlər yağdırmağın da bir mənası yox, mövqeyin onların mövqeyi, düşüncələrin, davranışların, hər şeyin onların mülkiyyəti, tək edə bildiyin isə onları günahlandırmaq.. Amma tək günahkarın özün olduğunu qəbul etməlisən artıq. Eqo oyunları oynamağına gərək yox, saxta mərhəmət və sevgi tamaşaları da çox mənasız, başını da dik tutmaqla kimə nəyi sübut etmək fikrin var ki, sən sadəcə əzilmiş və özəlləşdirilmişlərdənsən. Qurduqları oyunu qaydalarına görə oynamaq məcburiyyətindəsən, çünki bunu sən başlatdın. Bəli, həyatın oyun olduğunu anladın, amma öz qaydalarınla oynamalı olduğunu da anlamalı idin. Böyük insanlar, böyük sözlərlə sehrləndin, öz böyüklüyün, öz sözlərin isə içində qaldı, dəstəklədin, dəstəklənmədin, quyunun dibinə yuvarlandın, bir küncdə sənin üçün kiçik bir dünya qurdular, arzuların üçün çox kiçik bir dünya, məqsədlərini cılızlaşdırdılar, sən bir əziksən artıq. Gövdəsində dəliklər açıb da dənizə buraxılan bir gəmidən fərqin yox, zaman əleyhinə, batırsan, dibə çökürsən, məhvini hazırladılar çoxdan. Başının üstündə bir tanrı ucaltdılar kömək dilənmək üçün, yenə təəssüf ki, növbəti bir oyunun daha qurbanı oldun, mənəvi rahatlıq adına qul psixologiyası beyninə yeridildi, bir günah maşını oldun, bir proqramlaşdırılmış robotdan fərqin yox..  Özünü unutdun, kim olduğunu unutdun, kiçik otağına çəkildin, qapını kilidlədin, televizoru açdın, kreslona söykəndin, ağzını aralayıb iyrənc ötəsi gülüşlər səpələdin, ah nə gözəl fahişəxanadır bu, qızlar bol, içki bol, siqaret damağında uzandın yatağa, bir az yatmağa çalışdın, yuxudan ağlayaraq oyandın, güzgünün qarşısına keçdin, baxdın, baxdın, boşluqda özünü aradın, orada özünü qapıdakı canavara satdın, ətini diddi, sümüklərini gəmirdi, titrədin ayaq barmaqlarına kimi, qaçmaq istədin, geri baxdın, sağa-sola, hər yana, həyatını aradın, böyük insanları, böyük vədləri, sevgiləri, mərhəməti, dostluqları aradın, amma yoxlar, dizlərin üzərinə çökdün, susdun, məgər həyatını sən yox, onlar yaşayırmış, qabağına atdıqları qalıqlar imiş bəsləndiyin, heç vaxt kimsə olmadın.. Kim olduğunu unutdun, onlardan biri olduğunu unutdun. Onlar yox, sənsən günahkar, hər şey çox bəsit, kim olduğunu unutdurmağa cəhd etdilər, sən də unutmaq istədin, oyunu onların qaydaları ilə oynadın, əlinə silah verdilər, aldın, hərə bir rəngli parça, qaldırdın, böyük insan dedilər, baş əydin, kiçik insan dedilər, tapdaladın.. Əslində hər kəs insan idi və hər kəs kim olduğunu unutdu!  Sonda onlardan biri ayağa qalxdı, o kiçik insanlardan biri cəsarətlənib himni yüksəkdən oxumağa başladı:

“Dünya böyük bir fahişəxanadır, hər gələn işini görər gedər..
Dünya pullu xidmət göstərən bir fahişəxanadır,
Pulun yoxdursa o sənin işini görər, amma getməz, yenə görər, yenə və yenə.
Zəncirlərini boğazına bərkitdimi, səni də fahişəsinə çevirər,
Böyük insanlar gələr, işini görər, amma getməzlər, hər dəfə yeniləri gələr, işini görər, yenə və yenə.
Bu azmış kimi, işini görənləri də sənə seçdirər, adını demokratiya qoyar, azad seçim deyər,
Və onlar gələr işini görər..
Yox, düşündüyünüz fahişələrlə səhv salmayın, qoruyucunuz olsa belə mikrobunu bulaşdırar,
Diz çökdürər, işini görər yenə,yenə və yenə..

Dostum, ümid edirəm başını ağrıtmadım, cavabını səbirsizliklə gözləyəcəyəm, gələn məktublaradək, hələlik!