Hərənin xiyarı özünə!
Posted by A-Psychosis | Posted in Deyinmələr | Posted on 6:54 AM
Doğrularım və yanlışlarım yalnız mənim məhsulumdur. Kimsəni zəhərləmədikcə heç kəsin onların keyfiyyətini dəyərləndirməyə və qiymətini mühakimə etməyə haqqı yoxdur. Məhsulumu bazara satışa çıxarmadıqca yalnız mənim istehlakımdır. Təəssüf ki, insanların arasında bostan oğruları çoxdur, icazəsiz girərlər və məhsullarımı zay etməyə çalışarlar. Əllərinə xiyar verib yola salmaqdır düzgün olan, amma utanacaqlarına daha da arsızlaşarlar. Hər kəs bir-birinin işinə başını soxar, öz həqiqətlərini digərlərinə soxuşdurmağa çalışar. Bədbəxtlər nə bilsinlər ki, həqiqət doğrulardan asılı olmayaraq mövcuddur, yanlışların belə həqiqət ola bilər. İşləyən yalnızca ağızdır, qulaqları tıxayıb dili işə salmaqdır fərasət. Biri solda, biri sağda, ortada qalan iki tərəfin müharibəsinin dağıntıları altında əziləndir. Biri etiraz bildirər, biri etiraz edənləri topa tutar, biri mitinqə çıxar, biri ona lağ edər, qısası hər kəs tənqid etməyə hazırdır, bir-birinin doğru-yanlışlarını mühakimə etməyə də. Demək istədiyim, becərdiyim badımcanın rəngi açıq ya tünddürsə, bundan sənə nə ?! Xiyarımın qısa ya uzun olmasının da heç kəsə dəxli yoxdur. Hər kəs yaşamağa vaxt ayırmadığı üçün bekar qalıb başqalarının həyatına soxur çirkli başını. Hər kəs sistemdən, dövlətdən ya ayrı quruluşdan şikayətlənir, amma bir dəfə də olsun öz bostanının vəziyyətinə fikir vermir, gübrəni öz torpağına verəcəyinə, kiminsə başına tökmək üçün fürsət axtarır. Buna görə də, hər şey dəyərini itirir, hər şeyə səthi yanaşılır, heç kəs başını əyib öz bostanını becərmir. Artıq mühüm məsələ hansı musiqiyə qulaq asmağın deyil, bozbaş roker poker reper pepper damğasıdır, nəyə və niyə inandığının da mənası yoxdur, önəmli olan hansı “ist” olduğundur, yəni hər kəs xiyarın dadı ilə yox, görünüşü ilə maraqlanır. Cəmiyyətdə kütləvi zibilləşmə və dəyərsiz kütləviləşmə gedir, fərdi düşüncələr azalır; heç fərdlərə də rast gəlmirəm, mütləq hərənin bir hərəkat ya aid olduğu hər hansı qrup mütləq vardır. “Hər kəsin qiyməti var və heç kəsin dəyəri yoxdur” cəmiyyətindəyik, tənqidin belə dəyərli mənasını və xeyirli iş əmsalını sıfra endiriblər. Hər kəs tənqid edir, artıq problemi dövlətdə və sistemdə yox, insanlarda görürəm, hansı dövlət ya quruluş olur olsun o tənqidə öyrəşmiş ağızlar boş dayanan deyil. Sanki hər kəs nöqsan tapdığı üçün tənqid etmir, tənqid etmək üçün nöqsan axtarır. Hamı öz doğru-yanlışları ilə məşğul olsa həyat da bərbadlıqdan öz keyfiyyətinə qayıdardı. Bir pox kütləsinə daraşmış milçək yığınından fərqi olmalıdır insan deyilən şəxsin, öz dəyərləri olan fərdin, ya elə deyil ?! Üstəlik hər kəs dahi siyasətçidir, sosial problemləri də çox yaxşı təhlil edir, həqiqətən ilk fürsətdəcə tənqid (təhqir) etməyə hazır ağızların dişləri arasında çürümüş qalıqların qoxusu ürəkbulandırıcıdır. Hər kəs öz bostanını becərib də, yetişdirdiyi xiyarı tənqid etsə, mənim xiyarımla maraqlanmasa nə gözəl olardı yaşamaq!