Dosta Məktublar: Xilasa doğru...

Posted by A-Psychosis | Posted in | Posted on 4:46 AM

   “Gecədir..İstifadə müddəti hər halda çoxdan bitmiş əyriayaq stulum,parçası ixtiyar ağzı kimi büzüşmüş yığcam divanım ilə əla kombinasiya təşkil edən otağımın saralmış divarlarının rəngini belə seçə bilmirəm,bu dərəcədə qaranlıqdır yəni.Düz təxmin etdin dostum,kompüterin qarşısında əyilmiş mıx kimi oturmuşam,heç soruşma gecənin bu vaxtı internetdə nə itin azıb filan,görürsən ki nəsə yazmaqla məşğulam.Monitorun qarşı divarda işıqlandırdığı meşədə yanğın mənzərəli şəklə baxıram arada bir,bilirsən,içinə girmək istədiyim çox anlar olub,sən də həmişə gülərdin “gərək razmerivi tapım” deyə,amma bu dəfə çox iddialıyam,girəcəm,ya o mənə girəcək türkün məsəli (smaylik filan qoymayacam bu dəfə)..Pleyerdə də Agalloch qoydum,”Fire above,ice belovv”,”Our fortress is burning” filan,anladığın kimi gecənin mövzusu yanğın..Yanıram kəliməsini də işlətməyə çəkinirəm,təhlükəlidir,millət pis yerə yozar,sonra da gəl başa sal,ən azı sənin düşük zarafatlarının mövzusu olar,çürüdərsən gecə-gündüz.Amma dostum,konkret yanıram,gülmə,həqiqətən binada yanğındır.”Gecə şitdiyin tutub zad” deyib zarafata salma,ciddiyəm..Alçaq bina sakinləri də atıblar şüvənliklərinə (pleyboy Natiq də çoxdan yaşlamışdır güllü tumanını yəqin),mahnını rahat dinləməyə imkan vermirlər.Bayaq pəncərədən ətrafı təhlil etdim,yanğın iki mərtəbə aşağıda başlayana oxşayır,məhlənin narkobaronu Əlinin mənzili olmalıdır,kayfdadır indi o.Yuxarıdakı məmur Kamil bunu vaxtında içəri bassaydı necə böyük savab işləmiş olardı,həm də rüşvətsiz.Həyat belə ədalətsizdir dostum,bir gicbəsərin üstündə binadakılar da gedəcək,bu dəfə “bir dəli quyuya düşdü,yüz gicbəsər də ardınca” kimi bir şey olacağını ehtimal edirəm.Bu gün çoxlarının da xilas günüdür bəlkə,elə biri alkaş Saşanın qaragün iti Karamelka,döyülmədiyi gün yoxdur,nəhayət ki bu gündən sonra rahat nəfəs alacaq,əslində almayacaq,nəisə çürükçülüyüm tutmasın yenə...
   ...Yanğının parıltısı və istisini artıq hiss etməyə başlayıram,qara tüstü də otağa dolur deyə pəncərəni bağladım,bu gözəl hadisəni çirkinləşdirməsinə izn verə bilmərəm.Yox,şalvarım yaş deyil,huşum da yerində.Özümü hətta bu qədər güclü hiss etməmişdim.Sanki hər dəfə içində məni sıxan bu darıxdırcı,hər əşyası doğma olan otağımı heç bu qədər canlı və gözəl görməmişdim.Hərdən alnımda kiçik ağrılar hiss edirəm,gözlərimin üzərinə ağırlıq çökür,sən də indi içində qışqırırsan “dəlisən dostum,qaç çıx o binadan,xilas ol,söz verirəm...”,ya da hələ zarafat etdiyimi düşünürsən.Soyundum,soyuq duşa da girdim bayaq,əla hiss etdirir,sehrlənmişəm,bu illuziyadır,hisslərim donub,tək islaq bədənimdir mənə mövcud olduğumu xatırladan,qulaqlarımda həzin musiqi səslənir,tanışdır,amma xatırlaya bilmirəm,günəşi yox etmişəm,alovu idarə edirəm,tək qalmışam,Tanrı mənəm!...
   ...Dostum,bəlkə də dəqiqələr qalıb möhtəşəm xilas səhnəsinə,murdar məxluqların iyrənc ayaqları ilə kirlətdiyi,kobud əlləri ilə hər toxunuşda xarabalıq etdiyi bu aləmi tərk etməyə.Bir ara düşündüm pəncərədən atlamaqla eyni aqibəti yaşayım deyə,amma imtina etdim,digərlərindən fərqimi,onlarla eyni tutulmaqdan utandığımı göstərim gərək.Həm bu daha yaxşıdır,nə mən ölümü zorlayıram,nə ölüm məni,dostluq müqaviləsi kimi bir şey.Həm yanıb kül olmaq tam məqsədimə uyğundur,çirkin əllərinin cəsədimə dəyməsini də istəməzdim heç,yəqin məzarım filan da olmaz,mənəviyyatı korlanmış o tülkü baxışlı tanış insancıqlar da gəlib saxta göz yaşları ilə kefimi korlamazlar,nə gözəl!
   ...Yanğın artıq otağıma qədər girməyə başladı,son yaxınlaşır,amma hələ də təcrübə yaşayıram,məsələn,o yanğınlardan zərər çəkməmiş xilas olan “müqəddəs kitab” xəbərlərinin saxta olduğunu sübut etməyə çalışıram,budur,yanmağa başlayır,özü də necə..”Yanğınsöndürən harada qaldı bəs” demişdim ki içimdən,səsi gəldi aşağıdan,yəqin ki başlamışdır müdaxilə etməyə,amma iş işdən keçib artıq,bu boyda yanğına onun səpələdiyi su,afrikanın ac uşaqlarına bir tikə çörək verməyə bənzəyir.Dostum,sənə də özümdən yadigar qoyacağım dəyərli bir şeyim yoxdur,həmişəki kimi ucuz məsləhətlərdən verə bilərəm.Soren Kierkegaard,Friedrich Nietszche,Albert Camus filan oxu,həm özün üçün bir şey öyrən,həm məni anlamağa çalış.Ümid edirəm məktubumu kitabları oxuduğun kimi sondan başlamamısan,yoxsa bütün həyəcanı qaçırmısan ?! Öskürək gəlməyə başladı,tüstüdəndir.Mənə görə də üzülmə,necə xoşbəxt hiss etdiyimi təsəvvür belə edə bilməzsən.Bil ki,nə intihar etməyə qərar verən Veronikayam,nə axmaq yaşam üzündən ölümə gedən Meursault, sadəcə özümə və hisslərimə dəyən verən biriyəm! Yağışın qoxusu,ildırımın parıltısı,musiqinin içimi titrətməsi,mənimlə birgə kül olacaq kitablarım və qədəhimdəki şərabın dadı üçün darıxacağam yəqin ki.Ölüm artıq gəlir,qarşılamağa gedirəm dostum,əlvida!”