Tüstünü duman etdiyim gecələrimin nəğməsi idin..

Posted by A-Psychosis | Posted in | Posted on 4:31 AM

Tüstünü duman etdiyim gecələrimin nəğməsi idin..Sən axardın sakitcə,mən dinlərdim sübhəcən
Kənarında pəncərəmin canlanardı təsvirin,həm izlərdim heyrətlə
Soyuq gecə,şəhər işıqlarında itərdin..
Uzaqlarda,dumanlarda
Keçmişimdən kölgələr,gözlərimdə çizilərdin
Rəngsiz çalarlarda,həm qara ağ zolaqlarda
Gecəni səhər etdiyim günlərimin yuxusu idin..
Sərxoş ruhuma bələdçi,baxışlarına dilənçi
Oturardım səkilərdə,qarışardım küləklərə
Melodik gözlərinlə toxunardın simlərə
Gecənin ritmi sən,sakini mən
Melanxolik əhvalınla rəqs edərdin kölgələrlə
Baharı payız etdiyim mövsümlərin tanrısı idin..
Mən quru yarpaq,sən incə yağış,hey tökərdin üstümə
Solğun bədənim islaq,qollarım açıq sənə
Hər damlada qoxun,hər küləkdə pıçıltın,toxunardın hisslərə
İçimi titrədərdin,qışqırığım göylərə
Gizlənərdim boşluğumda,qaranlıq aşırımında
Əbədi yürüşüm sakitlik dəhlizində,sıldırımın küncündə
Tutqun gecə simfoniyası səslənərdi uzaqlarda
Parlaq ay işığında,qırıq son nəfəsimdə...